Türkoloji Qurultayın çağırılmasını vacib və təxirəsalmaz məsələ hesab edən alimlərdən biri də Leninqrad İnstitutunun professoru A.N.Samoyloviç idi. Onun Leninqrad canlı Şərq dilləri İnstitutunun Şurasındakı bu istiqamətdə etdiyi məruzəsi olduqca diqqətəlayiq idi. Professor Şuranın 21 mart 1924-cü il tarixli yığıncağındakı məruzəsində deyirdi: “...Mən 14 mart tarixli məruzəmdəki türk xalqlarının üstünlük təşkil elədikləri respublika və vilayətlərə lazımi köməklik göstərmək üçün RSFSR-in bütün türkoloqları və başqa şərqşünaslarının köməkliyi ilə doğma dil, tarix, etnoqrafiya, coğrafiya üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün Ümumittifaq Türkoloji Seminarın çağırılması fikrini bir az da inkişaf etdirib irəli apararaq, indi də Ümumittifaq Elmi Şərqşünaslıq Assosasiyası qarşısında yaxın vaxtda Ümumittifaq Türkoloji Qurultayın çağırılması məsələsini qaldırıram. Yakutya respublikasından Krımadək bütün respublika və vilayətlərdəkilərin hamısı orada fəal şəkildə iştirak edəcək türkoloq alimlər və RSFSR -in digər şərqşünasları tərəfindən özlərini maraqlandıran suallara eyni dərəcədə cavab acaqlar.

Qurultayın proqramının ilk və əsas bəndi olaraq, mən əlifba bəndini qoyuram. Türk dünyasının qeyri-müsəlmanlarının və yakutların milli əlifbasının əsasında hansının - rus və ya latın əlifbasının dayanmalı olması məsələsi ətrafında mübahisələr və tərəddüdlər bitib-tükənməyənə qədər, əlifbanın qəbul edilməsi mümkün olmayacaq.
Hazırda bundan daha mürəkkəb məsələ Anadolu türklərinin də daxil olduğu türk-müsəlman xalqlarının əlifbası məsələsidir. Bir tərəfdən ayrı-ayrı xalqların ərəb əlifbasının islah edilməsi ilə bağlı pərakəndə, razılaşdırılmamış cəhdləri bitmir, digər tərəfdən isə SSRİ-nin hüdudları daxilində və Türkiyədə ərəb əlifbasını latın əlifbasına dəyişməyin xeyirinə hərəkatlar çoxalır. Artıq Azərbaycan Respublikasında bu əlifba rəsmi tanınır. Lazımi şəkildə hazırlanmış Türkoloji Qurultay şübhəsiz ki, bu məsələnin birinci dərəcəli əhəmiyyətliliyini nəzərə alaraq, bütün nəzəri və təcrübi hallara əsaslanaraq onun həllinə mütəşəkkil xarakter verəcəkdir”.
Professorun qurultayın proqramı üçün növbəti təkilfləri isə ədəbi dil və elmi terminologiya məsələləri idi. O bildirirdi ki, proqramdakı məsələləri yerinə yetirmək üçün 14 iş günü tələb olunur.
Samoyloviç tərəfindən Qurultayda elm və təhsil sahəsində çalışan nüfuzlu nümayəndələrin, həmçinin dəvət olunacaq ölkələrin də siyahısı verilir: 1) Azərbaycan Respublikası
2) Dağıstan Muxtar Vilayəti
3) Kabardin-Balkar Muxtar Vilayəti
4) Qaraçay-Çərkəz Muxtar Vilayəti
5) Krım Muxtar SSR
6) Tatarıstan Muxtar SSR
7) Başqırdıstan Muxtar SSR
8) Çuvaşiya Muxtar Vilayəti
9) Qırğızıstan Muxtar SSR
10) Türküstan Muxtar SSR
11) Oyrot Muxtar Vilayəti
12) Yenisey Türkləri ( xakaslar)
13) Yakutiya Muxtar SSR.
Professor eyni zamanda qeyd edirdi ki, SSRİ-yə daxil olmayan ölkələrə də Qurultayda iştirak etmələri üçün hökmən dəvətnamə göndərmək lazımdır: “Belə ölkələrdən biri Buxara və Xarəzm Xalq Sovet Respublikaları idi. Şübhəsiz ki, son dövrlər türkologiya sahəsində böyük uğurlar əldə etmiş Türküyədən də qonaqlar görmək, öz növbəsində Qurultayı son dərəcə məmnun edəcəkdir”.
Samoyloviç Qurultayda iştirak edəcək alimlərin siyahısını da verir. Siyahıda Leninqrad türkoloqları və digər şərqsünaslar var - yakutşünas Pekarski, akademiklər Bartold, Oldenburq və Marr; professor Vladimirov, Manov, Samoyloviç və müəllim Poppe; moskvalılardandan Türyakulov, Novşirvanov, Qordlevski, Polivanov, Yakovlev, Jitkov, Dmitriyev.

Professorun təklifi ilə Qurultayda qonaqları hesaba almadan 70 nəfər üzv iştirak etməli, məruzə və müzakirələrdə bütün türk dilləri rus dili ilə eyni hüquqa malik olmalı idi. Qurultayın müəllimlərin tətil günlərində keçirilməsi də vacib hesab edilirdi.
Beləliklə, bu mötəbər tədbirin vacibliyini göstərən amillər çox idi. Azərbaycan hökuməti də bu işdə xüsusi maraq və böyük səylə çalışırdı. Bunun nəticəsi rəsmi olaraq özünü 6 avqust 1925-ci il tarixində büruzə verir. Həmin gün Türkoloji Qurultayın çağırılması üzrə Komissiyanın Bakı şəhərində iclası keçirilir. İclasın gündəliyinə aşağıdakı məsələlər çıxarılır:
1) Birinci Ümumazərbaycan Diyarşünaslıq Qurultayının qərarı barədə Cəbiyev yoldaşın bildirişi. Türkoloji Qurultay çağırılsın.
2) Qurultayın yeri
3) Qurultayın gündəlik rejimi
4) Gündəliyə dair əlavə və dəyişikliklər
6) Qurultayın məruzə dili və işi barədə
7) Gündəlik məsələlər üzrə məruzəçilər barədə
8) Nümayəndələrin sayı
9) Yer bölgüsü
10) Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasının tərkibi
11) Sovet respublikalarındakı əlaqədar komitələr
12) Qurulltayın çağırılması üzrə xərclər
13) Qurultaya elmi və hesabat materiallarının nəşri barədə
14) Qurultayda kitab sərgilərinin təşkili barədə
Birinci Ümumazərbaycan Diyarşünaslıq Qurultayının qərarı müzakirə olunduqdan sonra qərara alınır ki, Türkoloji Qurultayın çağırılması vacib hesab edilsin və onun tazliklə çağırılması üçün bütün tədbirlər həyata keçirilsin. Bu işdə maraqlı olan Sovet Respublikalarının və SSRİ-nin əlaqədar təşkilatlarının istəkləri nəzərə alınaraq, Bakı şəhəri mədəni və coğrafi vəziyyəti ilə türk-tatar respublikaları arasında ən əlverişli mövqeyə malik olduğundan Qurultayın hökmən burada çağırılması vacib hesab edilir.
Qurultaya Xalq Təhsili Komissarlıqları və Diyarşünaslıq təşkilatlarından göndəriləcək nümayəndələrə ayırılan yerlərin sayı cəmi 50 idi (Azərbaycan 6; Gürcüstanın yerli türklərndən 1; Ermənistanın yerli türklərindən 1; Acarıstan 1; Dağıstan 4; Naxçıvan 1; Qaraçay 2; Balkar 1; Krım 3; Tatarıstan 6; Başqırdıstan 3; Qırğızıstan 3; Özbəkistan 6; Qara - Qırğız 1; Türkmənistan 3; Oyrot 1; Yakutya 3; RSFSR XTK Milli azlıqlar Şöbəsinin Muxtar Respublika və vilayətlərinə daxil olmayan türk-tatar əhalisi nümayəndələri üçün 4 yer).
Bundan əlavə, əlifba islahatı və latın əlifbasına keçidlə bağlı müzakirələrdə Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin, Adıgey, Çərkəz və Kalmık respublikaları və muxtar vilayətlərdən də həlledici səslə iştirak etmələri üçün nümayəndələrin dəvət edilməsi arzu olunurdu.
Qətnaməyə görə sovet respublikalarının türkoloq və şərqşünaslarının çalışdığı ali elmi və tədris müəssisələrinə də 11 yer verilmişdi:
Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyasına - 3 yer;
Rusiya Elmlər Akademiyası - 1;
Şərqşünaslıq İnstitutu - 1;
Leninqrad Şərq dilləri İnstitutu - 1;
Kazan Universiteti - 1;
Daşkənd -1;
Bakı Dövlət Universiteti - 1;
Leninqrad Dövlət Universiteti - 1;
Krım Dövlət universiteti -1 yer.
Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasının həlledici səs qərarı ilə Alimcan İbrahimov (Kazan), Zinətulla Novşirvanov, Turyakulov, Odabaş, Baytursun kooptasiya edilir. Təşkilat Komissiyası isə aşağıdakı tərkibdə seçilir: Ağamalı oğlu (sədr), Mixail Pavloviç (sədr müavini), Həbib Cəbiyev (sədr müavini). Üzvlər: Q. İ. Braydo, prof. Samoyloviç, prof. Çobanzadə, akademik Bartold, prof. Aşmarin, D. Qorxmazov, A.R. Zifeld, Fikrət, Odabaş, Turyakulov, Zinətulla Novşirvanov, Alimcan İbrahimov, Pepinov, Baytursun və Əli Yusifzadə ( komis-siyanın məsul katibi).
Sovet respublikalarındakı əlaqədar komitələrin yaradılması məsələsi Leninqradda professor Samoyloviç, akademiklər Marr və Bartolda, Moskvada Elmi Şərqşünaslıq Assosasiyasının nəzdində yaradılması, Kazanda Alimcan İbrahimova, Səmərqənddə Fikrətə, Simferapolda Odabaş yoldaşa tapşırılır.
Qurultayın çağırılması üzrə xərclərin smetsının tutulması Pepinov, Əli Yusif və Q.Cəbiyevə həvalə olunur. Bu xərclərə SSRİ-dən və xarici ölkələrdən dəvət edilmiş şəxslərin Bakıya gəliş-gediş üçün yol xərcləri, həmçinin, Qurultay vaxtı bütün qurultay nümayəndələrinin yataqxana ilə təchizatı və qidalanması daxil idi.
Komissiyaların işlərinin işıqlandırılması və qurultayın istifadəsinə hazırlanması üçün “Təşkilat Komissiyasının Xəbərləri” adlı dövri məcmuənin nəşr edilməsi üçün Mixail Pavloviç, prof. Çobanzadə, Fikrət, prof. Samoyloviç və Cəbiyevdən ibarət redaksiya Komissiyası təşkil olunur. Cəbiyev və Çobanzadəyə jurnalın 1-ci nömrəsini nəşr etmək üçün material toplamaq və məxarc smetası hazırlamaq tapşırılır.
Qurultayın açılış günündə Bakıda türk-tatar dillərində çap edilmiş kitabların sərgisi təşkil edilməli idi. Kitablar müxtəlif şöbələr, əlifba (ərəb, latın və s.) və respublikalar üzrə tərtib olunacaqdı.
Qurultaya hazırlıq ərəfəsində Yeni Türk Əlifbasının bütün respublika ərazisində geniş şəkildə yayılmasını təmin edəcək tədbirlərin ardı-arası səngimirdi. Xalq Təhsil Komissarlığının 1926-cı il 18 dekabr tarixli iclasının protokoluna salınan məsələlərdən biri də yeni əlifba məsələsi idi. Məsələ ilə bağlı Məmmədzadənin ”Yeni əlifba ilə bağlı tədbirlər barədə” məruzəsi dinlənilir. Qərara alınır ki:
1) Gəncə və Nuxa fəhlə texnikumlarında yanvar ayının 1-dən etibarən yeni türk əlifbasının öyrənilməsinə başlanılsın
2). Cari ildən yay müəllim kurslarında məşğələlər yeni əlifba ilə aparılsın
3). Dövlət Nəşriyatına (Qosizdat) yeni əlifba ilə bağlı məhsulların verilməsinin artırılması məsələsi əvvəlcədən Dövlət nəşriyyatı kollegiyasının müzakirəsinə verilsin
4) “Şərq pioneri” və “Savad” jurnalları istisnasız olaraq, “Yeni məktəb” jurnalı isə tədricən yeni əlifbada buraxılsın
5) QPP yanında Şükürlü (sədr), Fridolin, Bünyadov, Manutsiyan və Ş.Məhmədbəyov yoldaşlardan ibarət daimi Komissiya təşkil edilsin.
“Kommunist” nə yazırdı?
Birinci Türkoloji Qurultayına hazırlıqla bağlı məlumatları “Kommunist” qəzeti öz səhifələrinə daşımağa başlayır. Biz də qurultaya hazırlıq və qurultayın gedişatı dövründə baş verənlər barədə həmin qəzetdən olan iqtibasları sizin diqqətinizə çatdırmağı özümüzə borc bildik. Elə isə gəlin izləyək, görək, “Kommunist” qəzeti nə yazırdı?

“Kommunist” qəzeti, 10 fevral 1926-cı il, № 35.
“Türkoloji qurultayına hazırlıq” sərlövhəli yazıda deyilir:
“Fevralın 8 - də Türkoloji Qurultayına çağırmaq üçün düzəlmiş xüsusi komisyonun Ağamalıoğlu yoldaşın sədrligi ilə iclas olmuşdur.
İclasda aşağıdakı məsələlər dinlənilmişdir:
1 - Türkoloji qurultaydan əvvəl Azərbaycan Müəllimləri Qurulayı çağırılması.
2 - Qurultayda ediləcək məruzələr üçün tezislər hazırlanması.
3 - Qurultayda nümayəndələrdən başqa kənar adamların iştirakı.
4 - Azərbaycan nümayəndələrinin çağırılması.
5 - Qurultaya gələcək qonaqların yerləşdirilməsi.
6 - Qurultayın nümayiş və sərgi işləri.
Birinci məsələ haqqında Məhmədzadə yoldaş məruzədə bulunaraq qeyd ediyor ki, Müəllimlər Qurultayının çağırılmasında məqsəd müəllimləri Türkoloji Qurultayın aparacağı işlər və məqsədilə tanış etməkdir. Eyni zamanda bu qurultay Türkoloji Qurultaya bir hazırlıq olacaqdır. Xalq Maarif Komissarlığı və Maarifçilər İttifaqı Müəllimlər Qurultayının fevralın 15-də çağırılmasını qərara almışdır.
Qurultay komitəsi Müəllimlər Qurultayının böyük əhəmiyyəti olduğunu nəzərə alaraq, bu qurultayın çağırılması lazım olduğunu qeyd etmişdir.
Bundan başqa, iclas qurultaya nümayəndələr seçmək üçün qəzalara məsul işçilər göndərilməsini qərara almışdır.
Qəzalardan gələcək nümayəndələr fevral ayının 14 - də Bakıda olmalıdırlar. Müəllimlər Qurultayında: 1 - Əlifba; 2 - İstilah; 3 - Türk - tatar məktəblərində dərs üsulu işləri və 4 - Əmsal (oxşarlıq) məsələləri danışılacaqdır.
Bundan sonra Türkoloji Qurultayda ediləcək məruzələr haqqında tezislər hazırlamaq məsələsi danışılaraq, hər məruzə üçün xüsusi bir missiyon düzəldilməsi qərara alınmışdır.
Əlifba Komissiyasına : Ağamalı oğlu (Zadə), Məhməd Zadə (məruzəçi); İstilah Komisyonuna Axundov Ruhulla, Zeynallı və Çobanzadə; Dərs üsulu Komisyonuna Qasımov və Əfəndizadə; İmla (orfoqrafiya) Komisyonuna isə: Əfəndizadə, Ağazadə və Çobanzadə seçilmişlərdir.
Qurultaya nümayəndələrdən başqa adamların iştirakı məsələsinə gəldikdə, 130 nəfər qədər üzv iştirak edəcəgi bəlli edilmişdir. Fəqət, Qurultaya rəsmi üzvlərdən başqa 200 nəfər kənar adamların da buraxıllması qərara alınmışdır. Bu adamlarlın iştirakı üçün həmin siyahını düzəltmək işi xüsusi komisyona tapşırılmışdır.
Qurultayda iştirak edəcək adamların siyahısına Şərq fakultəsinin 4-cü kursunda və Ali Pedaqoji İnstitutunun son sınıfında oxuyan tələbələrin də salınması qərara alınmışdır.
Türkoloji Qurultayına Azərbaycan nümayəndələrini çağırmaq üçün üç nəfərdən ibarət bir komisyon düzəldilmişdir. Komisyona Məhmədzadə, Qasımov Pənah və Ağazadə Fərhad yoldaşlar daxil edilmişdir. Məarifçilərin sərgi, nümayiş işlərini müəyyən bir plan üzrə düzəltmək işi iclas tərəfindən Xalq Maarif Komissarlığına, Maarif İşçiləri İttifaqına və Bakü Maarif şöbəsinə tapşırılmışdır”.
Nəcəfəli Zadə

“Kommunist” qəzeti, 12 fevral 1926-cı il, №37
Qəzet xəbər verir: “Fevralın 10-da Ruhulla Axundov yoldaşın sədrligi ilə Türkoloji Qurultayı çağırmaq üçün olan komitə yanında çalışan İstilah Komisyonunun iclası olmuşdur.
İstilahlar haqqında (Zeynallı) yoldaş məruzədə bulunaraq demişdir ki, lazımınca müzakirə edilib, bu xüsusda müəyyən tezislər hazırlanmalıdır. Bundan başqa qurultayda istilah məsələsi ətrafında dinlənəcək başqa məruzələr də gözdən çıkarılmalı və ümumi türk - tatar dili üçün xalq dillərinə uyğun əməli istilahlar qəbul edilməlidir.
Məruzəçi demişdir ki, türk-tatar dilləri bir takım yoldaşların düşündügü qədər də yoksul degildir. Burada öylə kəlmələr vardır ki, 33-ə qədər ayrı-ayrı məna veriyor. Misal bir “atmaq” kəlməsi: daş atmaq, toxum atmaq, ox atmaq, böhtan atmaq kəlməsi ayrı-ayrı mənalar ifadə ediyor. Ötəri tərəfdən müəyyən sözün müxtəlif yerlərdə ayrı-ayrı şəkillərdə işlənməsi kibi qatışıq cəhətlər də vardır.
Bundan başqa, gərək kitablarda, gərəksə ziyalılar arasında bir takım uydurma istilahlar işləniyor ki, bu istilahlar xalq tərəfindən qətiyyən anlaşılmayur. Buna nəhayət verilməlidir. Ərəb, fars və başqa dillərdən alınmış və türkləşdirilmiş istilahlara gəldikdə, bunlar daha da türkləşdirilib dilimizdə saxlanmalıdır. Eyni zamanda türk - tatar dilləri morfoloji və psixoloji cəhətcə daha dərindən tədqiq edilməlidir. Nəticədə komisyon uydurma kəlmələrin qarşısı alınmasını və istilah qəbul etdikdə türk-tatar dilinin əsl mənbəyinə müraciət edilməsini və başqa dillərdən alınacaq istilahlarlın türk dilinin söz quruluşuna uyğunlaşdırılmasını qərara almışdır.
“Kommunist” qəzeti, 17 fevral 1926 - cı il, №41.
Ağamalıoğlunun “Türkoloji qurultayı ətrafında” məqaləsi dərc olunur. Məqalə Məmmədəmin Rəsulzadənin fikirlərinin tənqidinə yönəlmişdi:
“Bizdə və xarici ölkələrdə bu qurultay ətrafında onun məna və mahiyyəti haqqında danışıqlar başlıyor. Məsələn, Məhməd Əmin Rəsulzadə böylə bir dərrakəli mülahizə ortaya atıyor ki, bu qurultayı Şuralar İttifaqının “Böyük Türkiyə” əleyhindəki yapdıqı bir fırıldaq çıxışıdır. Zira Şuralar ittifaqının türk-tatar xalqlarını birləşdirmək və onların mədəniyyətlərini yüksəltməkdən məqsəd Türkiyənin şərqdəki birinciligini qırmaqdır. Bəzi türk cümhuriyyətləri isə bu fikrə bir əlavə olaraq tələb ediyorlar ki, guya Azərbaycan öz əlifbasını - “Yeni türk əlifbasını” başqa xalqlara məcburən qəbul etdirmək üçün Türkoloji Qurultayını çağırıyor. Halbuki onlar bu əlifbayı arzu etməyorlarmış.
Azərbaycanda isə öz təbiətləri etibarilə qətiyyən tərəqqi istəməyən böyük gücün hər cürə qəddar mühafizəkarları tarixin məhkum etdigi ərəb əlifbasının müqəddəratı haqqında həyəcana düşmüşlər və hiss ediyorlar ki, bəlkə yeni əlifba qurultayda yeni dostlar və küttləvi hüsn-rəğbət qazana bilsin.
Ağızlarından cıxanı bilməyən bu şəxs sözlərində, əgər bir dərəcəyə qədər fitnə mahiyyəti olmasa heç bir diqqətə layiq olmazdı.
Məhməd Əminin çıxışı onun məğlub numaralarından biridir. Məhməd Əminin bu çıxışı onun öz əsrindən yüz yıl geridə qalan bir adam oldığını göstəriyor. Tarixi hadisə və faktları təqdirdə yazığın bəxti heç gətirməyur. Azəri işçi və kəndlilərin inqilab dalğalarından qurtardıqdan, Ağ mühacir sifətiylə sağ-salamat Türkiyəyə qaçdıqdan sonra Məhməd Əmin Türkiyədə nələr yaradıldığını anlamadı, Türkiyə hərəkatının nəbzini tuta bilmədi.
O, xəyalinə köhnə Türkiyəyi gətiriyor və azərbaycanlılara hər cəhətlə diyor ki: müqəddəs sultanlıq xilafəti islamın mərkəzidir; Məhməd Əmin Türkiyəyi sevdiginə görə axmaqların milli olan “Türkləşməg, islamlaşmaq və müasirləşməg” şüarına ciddi surətdə tərəfdardır. O, hələ kitablarını göndərməgə müvəffəq olmamışdı ki, Türkiyədəki inqilab dalğası “müqəddəs xilafatı” kökündən yıxdı. Gənc Türkiyədən qorxdu. Məhməd Əmin də ağzına su almağa və Şura-Türkiyə dostluğını ləkələ-mək üçün başqa bir mövzu aramağa məcbur idi.
Biz yeni türk alfabesini tətbiq etmək üçün Azərbaycanda təcrübə addımları atdığımız zaman Məhməd Əmin yazmışdı ki, bu şuraların türklügü parçalamaq üçün uydurduğu bir fırıldaqdır. Bu filosofanə düşüncədən bir az keçməmişdi ki, 1924-cü yıl mayıs ayında 50 məbus türk yazısı üçün Latın əlifbasının tətbiqi haqqında Türkiyə Millət Məclisi Layihə verdi və ərəb əlifbasının yaramaz oldığını göstərdi.
Məhməd Əminin bundan sonra da bəxti gətirmədi. Məlum olduğu üzərə Mustafa Kamal islahatı islamçılığı qaşından degil, gözündən vuruyor. Məhməd Əminin bu zaman guya türk mənafeyini təmsil ediyorum deyə, nələr yazdığını mən burada göstərmək istəmiyorum. Zira bunların həpsi tarixə ziddir.
Qaraguruhdan olan Məhməd Əminin Türkiyədəki mövqeyi get-gedə sarsıyor. Türkoloji Qurultayını da lazımınca təqdir edəməyərək, yenə də bu məsələdə yanılıyor.
Fəqət, Türkoloji Qurultayımıza Türkiyədən nümayəndələr gəliyor. Demək ki, Qurultayımız siyasi degil, fənnidir (elmidir). Bir də şura qanununun az mədəniyyətli xalqlar üçün inkişaf qapısını geniş açması xəyanətdirmi?
Bu cürə fikir yalnız hər bir ümidini itirmiş mürtəcenin başına gələ bilir. Fəqət, bizim işçi və kəndlilərini bütün - bütünə başqa cürə düşünüyorlar.Bir qarğanın qağıltısı dünya tarixinin gedişi ilə möhkəmlənmiş Şura - Türk dostluğunı ləkələyəməz. Bu xüsusdan artıq bəhs etməyəcəyiz.
Azərbaycanın öz əlifbasını məcburən başqalarına qəbul etdirməsi məsələsinə gəlincə bunun da heç bir mənası yoxdur. Hər hangı bir qərarı öz hökumətləri üçün qəbul etmək səlahiyyəti olmayan və yalnız fənni məqsəd və əhəmiyyəti olan bir qurultayın qərarları məcburi əhəmiyyətdə ola bilirmi? Doğrudur, bunun mənəvi əhəmiyyəti ola bilir; Fəqət, bu qurultayın əməli tərəfdən müxtəlif məmləkətlər üçün onların mədəniyyəti və mədəni vəzifələri anlamaları nisbətində başqa - başqa ola bilir. Məmləkətini itirmiş Azərbaycan xülyaçılarına gəldikdə (bunların da miqdarı qayət cüzidir zənn ediyorum) xatırlatıyorum ki, Azərbaycan işçi və kəndlilərinin inqilab düşüncəsi doğruyu yalandan seçəcək, özünün həqiqi milli istiqlaliyyətini nə cürə qurmağı müəyyən edəcək dərəcədə genişləmişdir. Keçmişi məşəqqətli Azərbaycan əməkçilərinə yeni həyatı yeni əsaslar və fənni (elmi) sosializmdən nəşət ( hasil olan) edən şura əsasları üzərində yeni vasitələrlə qurmağı anlatmış və ögrətmişdir. Buna görə də Şuralar Azərbaycanı hər bir tərəqqinin qarşısunı alan islamçılıq vasitəsi olan və inkişafımıza ağır zərbə vuran ərəb əlifbasından xilas olmaq üçün möhkəm xətti-hərəkət götürmüşdür. Ərəb əlifbası türk dilinin təbiətinə tamamilə ziddir. Ona görə də onun yazımızdakı inhisarı bəlasından xilas olmaq lazımdır.
İmdi bizdə yeni əlifba ilə qırx mindən ziyadə savadlı vardır; külli miqdarda kitablar çap olunuyor. Qızıl əsgərlər, işçi və kəndlilər arasında nisbətən qısa bir müddət ərzində oxucular qazanan “Yeni yol” və “Qızıl əsgər” qəzetələri nəşr ediliyor.
Dünki savadsızlar imdi dil və ədəbiyyat yaradıcısı olmuşdur. Bu, əlbəttə ərəb əlifbası ilə yetişən və tarixə göz yuman əski fikirlilərin xoşuna getmiyor, fəqət, tarixin öz qanuni vardır.
Həqiqətə gəldikdə, ərəb əlifbası dini kitablar, məscid işləri, şərq ilə rabitə və bu əlifbada savadlı olmaq arzusunda olanlar üçün yaşayacaqdır. Kəlməyi eynilə bəyan etmək və sürətlə bənimsəmək üçün istedad meydanı açan yeni türk əlifbasına gəldikdə isə bu əlifba dövlət kargüzarlığı, təlim işləri, fənni məlumat və kütləvi savad üçün olacaqdır. İştə bu qədər...
Fəqət, gələcəgin yeni əlifbaya məxsus, əski əlifbanın isə keçmişə aid olduğu həyatın, inkar qəbul etməyin deyil, ləyaqətin qanunudur. Bu qanunu anlamaq yalnız inkişafımızı, azadlığa çatmağımızı, oxumaq və cəhalətdən azad olmağımızı asanlaşdıracaqdır.
Ağamalı Oğlu
Yazının növbəti hissəsini qaçırmayın!







Vaxtında, Aydın, Lazımlı!


